Nüfuzlu təhsilə aparan yol

Bakı Britaniya Məktəbi dünyanın ən yaxşı ali təhsil ocaqlarına daxil olmaq üçün geniş imkanlar təklif edir

Bu gün dünyanın sürətlə dəyişməsi ilə bağlı söhbətlər getdikcə daha çox artmaqdadır və ekspertlər təhsil sistemini təcili olaraq yeni şərtlərə uyğunlaşdırmağın zəruriliyi barədə həyəcan təbili çalırlar. Dünyanın ən yaxşı təhsil proqramına sahib olan Böyük Britaniya uzun müddətdir ki, bu proqramı gələcəyin tələblərinə uyğunlaşdırmaqdadır.

Artıq 14 ildir Bakıda da Britaniya məktəbi fəaliyyət göstərir. Bu müddət ərzində o, Azərbaycanın ən yaxşı özəl təhsil müəssisələrindən biri mövqeyinə çıxa bilməyi bacardı, həmçinin bunu sübut etdi. Bəs, o, dünya təhsil sistemindəki çağdaş dəyişikliklərlə ayaqlaşa bilirmi? Bu və digər suallarla Bakı Britaniya Məktəbinin İdarə Heyətinin sədri Samir VƏLİYEVə müraciət etdik.

– Bakı Britaniya Məktəbinin təhsil proqramı Birləşmiş Krallığın özünün məktəb proqramına nə dərəcədə uyğundur?

– Bakı Britaniya Məktəbi (BSB) 2007-ci ildə yaradılıb və Britaniya təhsil sisteminin Azərbaycanda tətbiqinə səy göstərən ilk beynəlxalq məktəblərdən biri olub. Biz faktiki olaraq, bu istiqamətdə ilklərdən olduq. O illərdə biz bu ideyanı həyata keçirmək üçün Birləşmiş Krallıqdan ixtisaslı mütəxəssislər dəvət etdik ki, onlar xaricdə bu tip məktəblərin yaradılması üzrə böyük təcrübəyə malik idilər. Sonra biz beynəlxalq COBIS assosiasiyasına (British International Schools Council – Beynəlxalq Britaniya Məktəbləri Şurasına) müraciət etdik. Bu qurum xaricdəki Britaniya məktəblərinin akkreditasiyası ilə mşğul olur. Bütünlükdə, bu təhsil müəssisəsinə rəhbərlik Britaniyadan gəlmiş yüksəkixtisaslı mütəxəssislərin öhdəsinə verildi.

Biz təkcə Böyük Britaniyadan deyil, Almaniyadan və Fransadan da güclü müəllimlər dəvət etdik. Nəticədə, Britaniyadakı məktəblərlə identik bir məktəb yaratdıq. Bunu COBIS-dən alınmış sertifikat da təsdiqləyir. Bu sertifikat olduqca mürəkkəb, çoxmərhələli akkreditasiya prosesi vasitəsilə və təşkilat tərəfindən bir neçə il ərzində təkrar yoxlamalar aparıldıqdan sonra verilir. Bu gün 500 şagirdimiz və 150 müəllimimiz var. Müəllimlərdən 26-sı xarici mütəxəssisdir. Tədris Britaniya standartlarına tam uyğun gələn proqram əsasında həyata keçirilir.

– Yəni məzunlarınız Britaniyanın bütün universitetlərinə asanlıqla daxil ola bilirlər?

– Yalnız bu, deyil. Qeyd etmək istərdim ki, məktəbimiz təhsil fəaliyyəti aparmaq üçün Azərbaycan Təhsil Nazirliyinin lisenziyasına sahibdir və tədris proqramımıza, əlbəttə ki, Azərbaycan dilinin, tarixinin, coğrafiyasının və ölkə Konstitusiyasının öyrənilməsini əhatə edən fənlər daxildir. Nəticə etibarilə bu, məktəbimizin məzunlarına orta təhsilin başa çatması ilə bağlı bir neçə sənəd – Azərbaycan attestatı, IGCSE – orta təhsil haqqında beynəlxalq sertifikat və A-Level – Böyük Britaniyanın tam orta təhsil attestatını almaq imkanı yaradır.

Üstəlik, son bir neçə ildə azərbaycanlı məzunların Türkiyədəki universitetlərə marağının xeyli artdığını nəzərə alaraq, bu ölkənin universitetlərinə qəbul üçün SAT (Scholastic Aptitude Test – Akademik qiymətləndirmə) proqramı üzrə hazırlıq kursları təqdim etməyə başladıq. Əlbəttə ki, beynəlxalq imtahanı ingilis dilində vermək üçün IELTS (International English Language Testing System) kursları da var. Yəni bir daha vurğulayıram ki, bütün bunlar bizim təlim proqramımıza daxil edilib və məktəbimizin hər bir tələbəsi məzun olduqdan sonra həm Azərbaycanda, həm də dünyanın hər hansı bir ölkəsində təhsili davam etdirməyə tam hazırdır.

Üstəlik, ötən ildən bəri tədrisdə olduqca nüfuzlu NCUK (The Northern Consortium UK – Böyük Britaniyanın Şimal Konsorsiumu, təxminən, 30 universiteti birləşdirir) proqramının tətbiq olunmasına nail olduq. Bu hazırlıq proqramı (pre-university) məktəbin son ili üçün nəzərdə tutulub və təhsilini davam etdirmək üçün konsorsium universitetlərindən birini seçmiş məzunlara təklif olunur. Bu, birbaşa istədikləri universitetə girmələri üçün ən sərfəli yoldur.

– Müəllimlər şagirdlərin peşə seçimində, istedadlarının müəyyənləşdirilməsində iştirak edirlərmi?

– Əlbəttə. Bunu da deyim – məktəbimizdə şagirdlərin elm, incəsənət, idman, İT və s. sahələrdə istedadlarını inkişaf etdirməyə yönəlmiş dərnək-klublar da fəaliyyət göstərir. Elə olur ki, valideyn övladını müəyyən bir sahəyə yönəltməyə çalışır, amma təhsil prosesində və bu klublarda onun istedadının fərqli olduğunu ortaya çıxarırıq. Mən sizə deyim ki, valideynlər fikrimizə etibar edirlər, dinləyirlər, nəticədə, bu uşağın gələcəyinə faydalı təsir göstərir. Bundan əlavə, biz şagirdlərimizin beynəlxalq olimpiadalarda, o cümlədən idman, incəsənət üzrə olimpiadalarda iştirakını stimullaşdırırıq və qələbələrini təşviq edirik.

Deyə bilərəm ki, ildən ilə məzunlarımız əvvəlkindən daha yaxşı reytinqlərə sahib universitetlərin tələbəsi olmağı bacarırlar. İndi artıq bu sıraya «Oxford», «Cambridge», «London School of Economics» və s. daxildir. Buralara tələbə seçiminin nə qədər çətin olduğunu hamı yaxşı bilir. Britaniya universitetlərindən başqa, bir çox məzunlarımız Avropanın digər ölkələrinin, Kanadanın və ABŞ-ın ən nüfuzlu universitetlərinə düşüblər.

Məzunlarımız da öz məktəblərini unutmurlar, vaxtaşırı indiki şagirdlərlə görüşürlər – bu, indiki şagirdlər üçün böyük stimuldur. Bizim Məzunlar Klubumuz var və onun sıralarında ictimaiyyətin yaxşı tanıdığı bir çox adlar var və onlar müəllimlərimizin əməyini minnətdarlıqla xatırlayırlar.

– Gələcəkdə bir çox ixtisasa tələbatın olmayacağı barədə söhbətlər gedir. Görəsən, Britaniya təhsil sistemində bununla bağlı hər hansı bir dəyişiklik varmı?

– Son 5 ildə Britaniya orta məktəb tədris proqramı üç dəfə tamamilə dəyişdi və biz də bunları tətbiq etməliyik. Yəni söhbət həm dərsliklərdən, həm materiallardan, həm də bütünlüklə yanaşmadan, metodologiyadan gedir.

Bəli, bu gün dünya çox sürətlə dəyişir, təhsil də, mənim fikrimcə, həmişə bütün bu proseslərdən ən azı 10 il öndə olmalıdır. Əgər bu gün aparılan araşdırmalar deyirsə ki, 10 il sonra yeniliklərin və texnologiyaların inkişafı ilə bağlı ixtisasların 12%-nə artıq tələb olmayacaq, deməli, biz artıq şagirdlərimizi buna hazırlamalıyıq.

– Bəs, maraqlıdır, görəsən, tədris prosesində bu gün əsas diqqət nəyə yönəldilir?

– Əlbəttə, bu sıraya texnologiyalar və innovasiyalar, eyni zamanda memarlıq və dizayn daxildir. Bəli, uşaqlar bu sahələrə böyük maraq göstərirlər. Yəni ənənəvi peşələr – hüquqşünas, həkim, müəllim, mühəndis – artıq az-az seçilir. Valideynlər də, yuxarıda dediyim kimi, uşağın fikirlərini dinləyirlər, anlayırlar ki, ən önəmli məsələ uşağın gələcək dünyada öz yerini necə görməsidir.

– Necə düşünürsüz, məktəbinizin xaricdə təhsil almış məzunları öz biliklərinin Azərbaycan əmək bazarında adekvat tətbiqinə nail ola bilirlərmi?

– Mən Azərbaycan yetirmələrinin xaricdə təhsil almasına və nüfuzlu vəzifələrdə işləməsinə qarşı çıxmazdım – axı, bu, bizim diasporumuzu da keyfiyyətcə dəyişdirir. Ancaq gerçəklik budur ki, məzunlarımızın 80%-i vətənə qayıdır və son illər bu faiz artır.

Bu, nədən xəbər verir? Hər şeydən öncə ondan ki, son 10-15 ildə Azərbaycanda iqtisadi və sosial vəziyyət xeyli yaxşılaşıb, buna görə gənclər öz vətənlərində karyera qurmaq baxımından daha inamlı olublar. Ölkə rəhbərliyinin inkişafla bağlı böyük planlarının olduğu nəzərə alınarsa, gələcəkdə də bu müsbət meyil davam edəcək, çünki yaxşı təhsil almış mütəxəssislərə ehtiyac daha da artacaq. Deməli, məzunlarımızın yaxşı karyera şansları da artır.

Məmbə: regionplus.az

Bənzər yazılar

NCUK Proqramı: Xaricdə ən yaxşı təhsil

NCUK Proqramı Britaniyanın ən aparıcı ali məktəblərinin birgə konsorsiumudur. Bu proqram 2019-cu ildə qurulduğu gündən bu günə qədər dünya üzrə ən aparıcı universitetlərə beynəlxalq zəmanətlə daxil olma imkanı yaradır. NCUK Bakıdakı Beynəlxalq Təhsil Mərkəzinin rəhbəri Bəsti Ağarzayeva, qısa zamanda mərkəzi ən aparıcı və populyar təhsil ocağına çerirməyi bacarmışdır.

Read More »